search
search
icon

Karyera

Əsl dəyər yaradaraq Azərbaycanın milli sərvətini məsuliyyətlə, indiki və gələcək nəsillərin xeyrinə idarə etmək. Öz potensialınızı mənalı və dəyər yaradan işdə reallaşdırmaq istəyirsiniz?

ARDNF Təcrübə Proqramı

ARDNF Təcrübə Proqramı

ARDNF-də inanırıq ki, ölkənin gələcəyi insan kapitalına qoyulan investisiyadan başlayır. Azərbaycanın təbii sərvətlərindən əldə olunan gəlirləri gələcək nəsillər üçün davamlı dəyərə çevirərkən, eyni zamanda bu gələcəyi formalaşdıracaq gənc istedadların inkişafına da töhfə veririk.

Yay Təcrübə Proqramı tələbələr və yeni məzunlar üçün peşəkar inkişaf yolunda ilk addımlarını atmaq, nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək və ölkənin ən nüfuzlu maliyyə institutlarından birinin fəaliyyətini yaxından tanımaq imkanı yaradır.

Səkkiz həftə davam edən proqram ərzində iştirakçılar ARDNF-in müxtəlif struktur bölmələrində fəaliyyət göstərir, real layihələrdə iştirak edir və təcrübəli mütəxəssislərlə birlikdə çalışırlar. Proqramın məqsədi yalnız iş mühiti ilə tanışlıq yaratmaq deyil, iştirakçılara məsuliyyət götürmək, yeni bilik və bacarıqlar qazanmaq və peşəkar potensiallarını inkişaf etdirmək üçün real imkanlar təqdim etməkdir.

Təcrübə proqramı çərçivəsində iştirakçılar Fondun fəaliyyəti və iş prosesləri ilə yaxından tanış olur, mentor dəstəyi əldə edir, komanda layihələrində iştirak edir və müxtəlif təlim və inkişaf tədbirlərindən faydalanırlar. Bu təcrübə onlara həm peşəkar əlaqələr şəbəkəsini genişləndirmək, həm də gələcək karyeraları üçün möhkəm təməl formalaşdırmaq imkanı verir.

Proqram 3-cü və 4-cü kurs bakalavr tələbələri, magistr tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Biz öyrənməyə açıq, təşəbbüskar, analitik düşüncəyə malik və komanda mühitində işləməyi sevən gəncləri axtarırıq. İqtisadiyyat, maliyyə, hüquq, beynəlxalq münasibətlər, informasiya texnologiyaları və digər ixtisaslar üzrə təhsil alan namizədlər müraciət edə bilərlər.

Təcrübə Proqramına müraciətlərin qəbulu ilə bağlı elan hər il ARDNF-in rəsmi karyera platformasında dərc olunur. Seçim prosesi müraciətlərin nəzərdən keçirilməsi, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Namizədlər prosesin bütün mərhələləri üzrə karyera platformasındakı profil statusları, eləcə də zəruri hallarda elektron poçt və ya telefon vasitəsilə məlumatlandırılırlar.

ARDNF-də təcrübə proqramı bir çox gənc üçün peşəkar inkişaf yolunda mühüm başlanğıc nöqtəsinə çevrilmişdir. Əgər öyrənmək, inkişaf etmək və ölkə üçün strateji əhəmiyyət daşıyan bir qurumun fəaliyyətinə yaxından bələd olmaq istəyirsinizsə, sizi növbəti Təcrübə Proqramına müraciət etməyə dəvət edirik.