search
search
icon
Neft və Qaz Sazişləri: Ümumi Baxış

Azərbaycan Respublikasında neft və qaz layihələri mineral ehtiyatların sahibi olan dövlət ilə kəşfiyyat və hasilat fəaliyyətlərini həyata keçirmək üçün zəruri texniki biliklərə və maliyyə imkanlarına malik beynəlxalq neft şirkətləri arasında bağlanmış müqavilələr əsasında icra olunur. Bu sazişlər karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və kommersiyalaşdırılmasını tənzimləyən hüquqi, fiskal və əməliyyat çərçivəsini müəyyən edir.

Dövlət bu sazişlərdə, bir qayda olaraq, hökumət və ya onun səlahiyyət verdiyi qurumlar, o cümlədən milli neft şirkəti vasitəsilə təmsil olunur. Neft və qaz sazişlərinin əsas məqsədi risk və gəlirlərin dövlət və podratçılar arasında ədalətli bölgüsünü təmin etməklə yanaşı, ölkənin uzunmüddətli iqtisadi maraqlarının qorunmasıdır.

Əsas Prinsiplər

Neft və qaz sazişlərinə əsasən, podratçılar kəşfiyyat və işlənmə işlərinin maliyyələşdirilməsinə və icrasına tam məsuliyyət daşıyır və bütün kəşfiyyat risklərini öz üzərlərinə götürürlər. Kommersiya baxımından səmərəli ehtiyatlar aşkar edilmədiyi halda, podratçılar çəkilmiş xərclərin əvəzinin ödənilməsinə hüquq qazanmırlar.

Sazişlərdə hasil edilmiş karbohidrogenlərin dövlət və podratçı arasında razılaşdırılmış şərtlərə uyğun olaraq bölüşdürülməsini nəzərdə tutan aydın məhsul bölgüsü mexanizmi müəyyən edilir. Eyni zamanda, podratçılara sazişdə müəyyən olunmuş hədlər daxilində hasil olunan karbohidrogenlərin bir hissəsi hesabına uyğun kəşfiyyat və işlənmə xərclərini geri qaytarmaq imkanı verən xərcin ödənilməsi mexanizmi təsbit olunur. Bu sazişlər çərçivəsində layihələrin icrasını tənzimləyən xüsusi güzəştli vergi rejimini formalaşdıran vergilər, rüsumlar və digər fiskal öhdəliklər də müəyyən edilir.

Neft və qaz sazişləri dövlət və podratçıların hüquq və öhdəliklərini dəqiq şəkildə müəyyən etməklə əməliyyat məsuliyyətləri, xərcin ödənilməsi qaydaları, ətraf mühitin mühafizəsi və təhlükəsizlik standartları, hesabatlılıq tələbləri və müvafiq qanunvericiliyə riayət məsələlərini əhatə edir.

Azərbaycanda Hüquqi Çərçivə

Azərbaycanın upstream neft-qaz sektoru sazişlərə əsaslanan müqavilə modelləri ilə tənzimlənir. Ölkədə neft və qaz layihələrinin icrası üçün həm Hasilatın Pay Bölgüsü Sazişləri (Production Sharing Agreements – PSA), həm də Risk Xidməti Sazişləri (Risk Service Agreements – RSA) tətbiq edilir. Bu müqavilələrin hüquqi çərçivəsi sabitliyi, investorlar üçün hüquqi müəyyənliyi və maraqların balanslı şəkildə bölüşdürülməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Sözügedən sazişlər Milli Məclis tərəfindən ratifikasiya edilir və bununla daxüsusi hüquqi status əldə edərək uzunmüddətli karbohidrogen müqavilələrinin tez-tez qanunvericilik dəyişikliklərinə məruz qalmasının qarşısını alır.  Bu müqavilə modeli Azərbaycanın iri həcmli və yüksək kapital tutumlu dənizdə yerləşən layihələri üçün özünü səmərəli şəkildə doğrultmuşdur. Model sabit fiskal və hüquqi mühitin təmin edilməsinə, xərclərin bərpasına və mənfəətin mərhələli bölüşdürülməsinə imkan yaradır, eyni zamanda dövlətlə investorların maraqlarını uzlaşdırır. Bu günədək 30-dan artıq PSA imzalanmış, əsas dəniz və quru karbohidrogen yataqlarını əhatə etmişdir.

Azərbaycanın neft və qaz sektoru Azeri–Çıraq–Günəşli, Şahdəniz, Abşeron və digər dəniz və quru layihələrini əhatə edən strateji layihələr portfeli əsasında inkişaf etdirilir. Bu layihələr investor yönümlü mexanizmlər çərçivəsində qurulmuşdur və, bir qayda olaraq, inteqrasiya olunmuş dəyər zənciri üzrə fəaliyyət göstərir. Bu çərçivədə midstream infrastrukturu, eləcə də neft və qaz xidmət imkanları upstream əməliyyatlarını dəstəkləmək məqsədilə inkişaf etdirilir və əlaqələndirilir ki, bu da layihələrin effektiv icrasını və ümumi uğurunu təmin edir.

Dövlətin neft və qaz sazişləri üzrə payına mənfəət karbohidrogenləri, akrhesabı ödənişlər, vergilər, bonuslar və digər müqavilə ödənişləri daxildir. Bu gəlirlər Dövlətin neft və qaz gəlirlərinin benefisiarı qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) cəmlənir. SOFAZ bu vəsaitləri fiskal dayanıqlığın təmin edilməsi, makroiqtisadi sabitliyin qorunması və vəsaitlərin nəsillərarasında bərabər bölüşdürülməsi məqsədlərinə uyğun olaraq idarə edir.