Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə həyata keçirilən növbəti “Yay Təcrübə Proqramı” başa çatıb.
İyun-iyul ayları ərzində proqram iştirakçıları ARDNF-nin İnvestisiya, İnvestisiyalarda əməliyyatlar, Risklərin idarəedilməsi, İnsan resursları, Mühasibat uçotu, Hüquq, İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar, həmçinin İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi kimi müxtəlif struktur bölmələrində real iş mühitində mentorların dəstəyi ilə birlikdə əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktiki bilik və vərdişlərə yiyələnib, ARDNF-nin əsas fəaliyyət istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Təcrübə müddətində tələbələrin peşəkar və fərdi inkişafını dəstəkləmək məqsədilə ARDNF əməkdaşları tərəfindən müxtəlif mövzularda daxili təlimlər təşkil olunub.
Təcrübə proqramının yekununa həsr olunan bağlanış mərasimində iştirakçıları salamlayan İnsan resursları departamentinin baş mütəxəssisi Sayad Ələsgərova proqramın bu ilki göstəriciləri barədə məlumat verib. Tədbirdə əvvəlcə “Yay Təcrübə Proqramı 2025”i əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Strateji layihələr departamentinin direktoru Əli Sultanlı Fondun gənclərin peşəkar inkişafına verdiyi dəstək və proqramın yaratdığı imkanları vurğulayıb, həmçinin öz karyera təcrübəsi və şəxsi inkişafla bağlı tövsiyələrini bölüşüb.
İştirakçılar proqram çərçivəsində əldə etdikləri bilik, bacarıq və praktiki təcrübə barədə fikirlərini bölüşərək ARDNF-də keçdikləri təcrübə müddətinə dair təqdimatla çıxış ediblər.
Mərasim çərçivəsində keçirilən panel müzakirəsində Risklərin idarəedilməsi departamentinin baş təhlilçisi Nurlan Əhmədov, aparıcı təhlilçisi Cavid Seyfullalı, İnvestisiya departamentinin baş təhlilçisi Sura Ağazadə və treyder Əsgər Quluzadə iştirak ediblər. Panelistlər şəxsi peşəkar təcrübələrindən nümunələr təqdim edərək fəaliyyət istiqamətləri, ARDNF-dəki iş mühiti, karyera inkişafı imkanları və bu sahədə uğurlu olmaq üçün zəruri bacarıqlar barədə danışıblar.
Tədbir proqram iştirakçılarına sertifikatların təqdim olunması ilə yekunlaşıb.