search
search
icon

ARDNF öz fəaliyyətini Azərbaycan Respublikasının, o cümlədən investisiya etdiyi ölkələrin müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirir. Fondun hərtərəfli komplayns proqramı müvafiq daxili siyasətləri, prosedurları, nəzarət mexanizmlərini, monitorinq və risklərinin hesabatlılığını əhatə edir.

Hüquqi və komplayns risklərinin effektiv idarə edilməsi zamanı Fondun məqsədlərinə nail olunması məqsədilə daxili siyasət və prosedurlarımızın, eləcə də  sistemlərimizin müvafiq qanunvericiliyə uyğun şəkildə  hazırlanması və tətbiq edilməsini təmin edirik. Daim dəyişən tənzimləyici mühit şəraitində, biz qanunvericilik yeniliklərini yaxından izləyir və bu dəyişikliklərin daxili siyasət, prosedur və sistemlərimizdə əks olunması təmin edirik.

Komplayns proqramı çərçivəsində Fondun aktivlərinin idarə edilməsi zamanı daxili İnvestisiya Qaydaları və İnvestisiya Siyasəti ilə müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət edilir. Sözügedən sənədlər Fondun investisiya fəaliyyəti və risklərin idarə edilməsi üzrə bütün proseslərin əsasını təşkil etməklə, investisiya qərarlarında şəffaflığı təmin edir. Bu sənədlərdə  investisiya edilə bilən aktiv növləri, vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə bölgüsü, bençmarklar, risk hədləri, həmçinin Fondun aktivlərinin idarə olunmasına dair digər əsas  məsələlər əks olunur.

Hərtərəfli komplayns proqramının icrası etik dəyərlərə və risklərə dair maarifləndirməyə əsaslanan təşkilati mədəniyyətlə dəstəklənir. Bu mədəniyyət işçilərin məsuliyyətli davranışını, risklərin effektiv idarə edilməsini və qanunvericilik tələblərinə riayət olunmasını təşviq edir. Bu proqramın mərkəzində “ARDNF-nin əməkdaşlarının etik davranış Qaydaları” dayanır və bütün işçilər bu qaydalara riayət etməlidirlər.  Etik davranış Qaydalarına əsasən hər bir işçi müvafiq qanunvericiliyə uyğun davranmalı, yüksək etik və peşəkarlıq standartlarını qoruyub saxlamalıdır. Sözügedən Qaydalar işçilərin fəaliyyətində dürüstlük, ədalətli yanaşma və qərəzsizlik kimi etik davranış prinsiplərini müəyyən edir. Etik davranış Qaydaları digər məsələlərlə yanaşı maraqlar toqquşmasının, korrupsiyanın qarşısının alınması, habelə hədiyyələrin verilməsi və alınması ilə bağlı tələbləri, eləcə də hər hansı etik pozuntuların bildirilməsi qaydalarını müəyyən edir. Yeni işçilər işə qəbul prosesində həmin qaydalarla tanış edilir.İşçilər üçün keçirilən mütəmadi təlimlər korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması, qanunvericiliyə dəyişikliklər kimi mövzuları əhatə edir. Davamlı təlimlər və maarifləndirmə təşəbbüsləri təşkilatda risk və komplayns mövzularında anlayışı dərinləşdirir və komplayns mədəniyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Qeyd edilənlər bir daha təsdiqləyir ki, ARDNF fəaliyyətini etik məsuliyyət, peşəkar mükəmməllik və qanunvericiliyə uyğun şəkildə həyata keçirməyə sadiqdir.