STAR Neft Emalı Zavodu Türkiyə Respublikasının İzmir vilayətinin Əliağa bölgəsində yerləşən müasir və mürəkkəb texnoloji quruluşa malik neft emalı kompleksidir və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda həyata keçirilmiş ən iri neft emalı layihələrindən biri hesab olunur. SOCAR Turkey Ege Neft Emalı Kompleksinin (STAR Rafineri) təməlqoyma mərasimi 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının prezidentlərinin iştirakı ilə keçirilmişdir ki, bu da layihənin ikitərəfli iqtisadi və enerji əməkdaşlığı baxımından strateji əhəmiyyətini nümayiş etdirir. Zavod 2018-ci ildə istismara verilmiş və regionda yanacaq təchizatı təhlükəsizliyinin gücləndirilməsində, Türkiyənin neft emalı potensialının artırılmasında və xam neftin yüksək əlavə dəyərli məhsullara çevrilməsində mühüm rol oynayır. STAR Rafineri illik 13 milyon ton xam neft emalı və 1,9 milyon kubmetr ümumi saxlama gücünə malik olmaqla Türkiyənin emal olunmuş neft məhsullarına olan tələbatının təqribən 16 faizini qarşılayır.
Zavodun əsas məhsullarına ultra-aşağı kükürdlü dizel yanacağı, reaktiv yanacaq (Jet A-1) və reformat daxildir. STAR Rafineri inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyət göstərərək neft-kimya müəssisələrini xammalla təmin edir və regional enerji bazarının sabitliyinə töhfə verir.
STAR Rafineri A.Ş. tam şəkildə SOCAR Turkey Yatırım A.Ş.-yə məxsusdur. SOCAR Turkey Yatırım A.Ş.-nin səhmlərinin 60 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR), 40 faizi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məxsusdur.
2013–2017-ci illər ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamına uyğun olaraq STAR Neft Emalı Zavodu layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsini büdcə xərci kimi həyata keçirmişdir. SOFAZ dövlətin işitrak payını maliyyələşdirmiş, Müşahidə Şurasında təmsil olunmuş və dövlət payına aid gəlirlərin benefisiarı kimi çıxış etmişdir.
Dövlətin iştirak payı
SOFAZ tərəfindən maliyyələşmə
İstismara başlanma tarixi
Ümumi layihə dəyəri