2022–2028-ci illər üçün Dövlət Proqramı Azərbaycan gənclərinin ölkənin davamlı sosial-iqtisadi inkişafı üçün zəruri olan müasir bilik və bacarıqlarla təmin edilməsinə yönəlmiş strateji insan kapitalı təşəbbüsüdür. Proqram istedadlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına şərait yaradır və prioritet sahələr üzrə bilik transferini dəstəkləyir.
Proqram 28 fevral 2022-ci il və 12 avqust 2024-cü il tarixli Prezident Sərəncamları ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramının İdarəetmə Qrupu vasitəsilə icra olunur.
Proqram çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşına bakalavr, magistr və doktorantura səviyyələri üzrə xaricdə təhsil almaq imkanı yaradılır.
Proqramın icrasına nəzarət və monitorinq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Maliyyələşmə Dövlət büdcəsinin icrası çərçivəsində, müəyyən edilmiş maliyyə nəzarəti prosedurlarına uyğun olaraq təmin edilir.
Proqramda nəzərədə tutulan tədbirlərin icrasının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir,
ARDNF tərəfindən ümumi ayırma (31.12.2025): 183,8 mln AZN
2025-ci ildə ayırma: 86,9 mln AZN
2025-ci il üçün təsdiq edilmiş ARDNF büdcəsi: 90,79 mln AZN