search
search
icon
Bakı–Tbilisi–Ceyhan (BTC) Əsas İxrac Neft Boru Kəməri

Layihə haqqında

Bakı–Tbilisi–Ceyhan (BTC) Əsas İxrac Neft Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin Gürcüstan və Türkiyə ərazisindən keçməklə dünya bazarlarına nəqlini təmin edən iri beynəlxalq enerji infrastrukturu layihəsidir. Layihə Azərbaycanın ixrac strategiyasının əsas sütunlarından biri olmaqla beynəlxalq bazarlara təhlükəsiz, etibarlı və şaxələndirilmiş çıxışı təmin edir.

Milli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılmış milli neft strategiyası çərçivəsində və “Əsrin müqaviləsi”nin tərkib hissəsi kimi inşa edilmiş BTC boru kəməri Azərbaycanın enerji resurslarının səmərəli idarə olunmasına və ölkənin davamlı inkişafına xidmət edir.

BTC boru kəmərinin ümumi uzunluğu 1 767 kilometr təşkil edir. Bunun 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan, 1 076 kilometri isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin ötürmə gücü gündə 1 milyon barelədək neft təşkil edir və onun layihə istismar müddəti təqribən 40 il nəzərdə tutulmuşdur.

ARDNF-nin iştirakı

Azərbaycan Hökuməti AzBTC Co. şirkətində təqribən 80 faizlik pay əldə etmiş, bu payın maliyyələşdirilməsi isə SOFAZ tərəfindən büdcə xərci kimi həyata keçirilmişdir. Dövlətə məxsus pay üzrə dividendlər ARDNF-də toplanmış və layihənin istismara uğurla başlamasından sonra 2011-ci ilədək Fond tərəfindən əldə edilmişdir.

SOCAR layihədə AzBTC Co. vasitəsilə iştirak edərək BTC konsorsiumunda 25 faizlik paya malik olmuşdur. Azərbaycanın BTC layihəsində iştirak payının maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə tənzimlənmişdir. 2002–2007-ci illər ərzində SOFAZ tərəfindən Azərbaycanın BTC layihəsindəki payının maliyyələşdirilməsi həyata keçirilmişdir. İnvestisiyaların geri qaytarılmasından və layihənin uğurla tamamlanmasından sonra, 2011-ci ildə dövlətə məxsus 80 faizlik payın hüquqi mülkiyyəti SOCAR-a ötürülmüşdür.

  • AzBTC Co.-da dövlət mülkiyyəti: 80%

  • ARDNF  tərəfindən maliyyələşmə (2002–2007): 312,6298 mln AZN

  • İstismara başlanma: Azərbaycan hissəsi – may 2005, Tam istismar – iyul 2006 (Ceyhan, Türkiyə)

  • Layihənin ümumi dəyəri: 4,0 mlrd ABŞ dolları (faizlərlə birlikdə təqr. 3,8 mlrd ABŞ dolları)