Peşə təhsili sisteminin potensialının gücləndirilməsi layihəsi əmək bazarının dəyişən tələblərinə uyğun kompetensiyalara malik, rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanmasını hədəfləyən strateji dövlət təşəbbüsüdür. Keyfiyyətli peşə təhsili məşğulluğun artırılmasında və əmək məhsuldarlığının yüksəldilməsində mühüm rol oynayaraq ölkənin ümumi sosial-iqtisadi inkişafına töhfə verir.
Bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti son illərdə qəbul edilmiş bir sıra strateji sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2022–2026-cı illər üçün Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişaf Strategiyası”nda öz əksini tapmışdır. Ölkədə dinamik iqtisadi inkişaf və əmək bazarının tələblərindəki dəyişikliklər müasir standartlara cavab verən infrastruktur və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinə ehtiyacı artırmışdır.
Prezident Fərmanına uyğun olaraq 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və mövcud 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur. Layihənin icrası əmək bazarında peşə təhsilli mütəxəssislərin payının artırılmasını və müxtəlif ixtisaslar üzrə ixtisaslı kadrların sistemli hazırlanmasını təmin edəcəkdir.
Layihənin ümumi koordinasiyası və nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Elm və Təhsil Nazirliyi isə tikintisi və əsaslı təmiri nəzərdə tutulan peşə təhsili müəssisələrinin siyahısının təsdiqi, habelə tələb olunan maliyyə vəsaitinin illik bölgüsünün hazırlanması və müəyyən edilmiş qaydada müvafiq qurumlara təqdim edilməsi üçün məsuliyyət daşıyır.
Prezidentin 836 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən təmin edilir.
Fərmana uyğun olaraq ARDNF layihənin icrası üçün tələb olunan maliyyə vəsaitini illik təsdiq edilmiş büdcəsi çərçivəsində ayırır. Bu vəsaitlər 2026–2030-cu illər ərzində yeni peşə təhsili müəssisələrinin tikintisinə və mövcud obyektlərin əsaslı təmirinə yönəldilərək ölkə üzrə dayanıqlı və müasir peşə təhsili infrastrukturunun formalaşdırılmasına xidmət edir.
ARDNF-nin layihədə iştirakı insan kapitalının uzunmüddətli inkişafını dəstəkləyir, peşə təhsili ilə əmək bazarının tələbləri arasında uyğunluğu gücləndirir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə verir.
Layihənin başlanma tarixi